Şərur rayonunda “Yetkinlik yaşına çatmayanlar və ailə münasibətləri əleyhinə olan hüquqpozmalar və onların profilaktikası” mövzusunda maarifləndirici tədbir keçirilib

Şərur Rayon İcra Hakimiyyətinin və Naxçıvan Muxtar Respublikası Prokurorluğunun təşkilatçılığı ilə rayonda “Yetkinlik yaşına çatmayanlar və ailə münasibətləri əleyhinə olan hüquqpozmalar və onların profilaktikası” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Şərur Rayon İcra Hakimiyyəti başçısının müavini Aysel Zeynalabdinova, Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Hüquqi təminat və insan hüquqları məsələləri şöbəsinin rəisi, baş ədliyyə müşaviri Faiq Səfərov, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşı, polis mayoru Samiq Məmmədov, Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq problemləri üzrə dövlət komitəsinin əməkdaşı Firuzə Hüseynova, Naxçıvan Dövlət Üniversitetinin əməkdaşı, psixoloq Nuranə Səlimova, kənd İcra Nümayəndələri, məktəb direktor və psixoloqları, ictimai iaşə obyektlərinin sahibkarları və başqaları iştirak ediblər.


Tədbiri Şərur rayon İcra Hakimiyyəti başçısının müavini Aysel Zeynalabdinova giriş sözü ilə açaraq mövzunun əhəmiyyətdən bəhs edib. Tədbirdə qohum evliliklərinin qadağan olunması, yetkinlik yaşına çatmayanların ictimai iaşə xidmətlərində çalışdırılması, azyaşlılar tərəfindən törədilmiş cinayətlər, insanların özünə qəsd etməsi və azyaşlılara qarşı zorakılıq hadisələrinin törədilməsi barədə ətraflı danışılıb. Tədbirdə ümumtəhsil müəssisələrində psixoloqların iştirakı ilə şagirdlərlə mütəmadi maarifləndirici görüşlərin keçirilməsinin vacibliyi də diqqətə çatdırılıb. Bildirilib ki, bir sıra problemlərlə üzləşən şagird, tələbə və valideynlərlə praktik söhbətlərin aparılması, şagirdlərin məktəbdə, ailədaxili və ailədənkənar davranışlarını nəzarətdə saxlamaqla onların ictimai faydalı əməyə, mədəni-kütləvi tədbirlərə, zərərli vərdişlərin yaddan çıxarılmasına kömək edən iş və məşğuliyyətlərə cəlb edilməsi istiqamətində məqsədyönlü işlər aparılmalıdır.