Şərur rayonu haqqında
Şərur rayonu 08 avqust 1930-cu ildə rayon kimi təşkil olunmuşdur, ərazisi 815,18 km2-dir. Şimal-şərqdə Ermənistan, cənub-qərbdə İranla həmsərhəddir. Rayonda 64 kənd vardır. Rayon ərazisi dağlıq və maili düzənliklərdən ibarətdir. Yayı quraq keçən soyuq yarımsəhra, quru çöl və qışı quraq keçən soyuq iqlimi vardır.Rayon ərazisindən Araz, Arpaçay çayları axır. Rayonda Arpaçay Su anbarı, Günəş Elektrik stansiyası və Şərur Şəhər Sutəmizləyici Qurğular Kompleksi yerləşir.
Rayonda 54 ümumtəhsil məktəbi, Şərur Texniki Peşə və Sürücülük məktəbi, Fizika-Riyaziyyat Təmayüllü lisey, 5 məktəbdənkənar, 1 məktəbəqədər tərbiyə müəssisəsi, 59 kitabxana, 24 mədəniyyət, 34 klub müəssisəsi, 2 muzey, Yengicə hamamı, Cəlilkənd buzxanası, Arpaçay Tarix-Mədəniyyət qoruğu, 6 uşaq musiqi məktəbi, “Bahar” kinoteatrı, Təqaüdçülər klubu, Musiqili fəvvarə, 1 mərkəzi rayon xəstəxanası, 1 uşaq xəstəxanası, 1 kənd sahə xəstəxanası, 26 həkim ambulatoriyası, 31 feldşer-mama məntəqəsi, Gigiyena və Epidemiologiya Şöbəsi və s. təşkilatlar vardır.
Tarixi və memarlıq abidələri - Şərur rayonu arxeoloji və tarixi memarlıq abidələri ilə zəngindir. Burada daş dövründən başlamış tarixin bütün mərhələlərinə aid abidələr mövcuddur. Şərur ərazisində arxeoloji abidələr içərisində Qazma mağarası, Oğlanqala abidəsi, Qarasu qalası, Qız qalası, Parçı İmamzadəsi, Piri-Süleyman türbəsi, Yengicə hamamı xüsusi əhəmiyyət daşıyır.
Rayon mərkəzində Ümummilli Lider Heydər Əliyevin abidəsi ucaldılmışdır.