Şərur rayonunda Xocalı Soyqırımının 33-cü ildönümünə həsr olunmuş “26 Fevral - Xocalı Soyqırımı tariximizin qan yaddaşıdır!” adlı ümumrayon tədbiri təşkil edilmişdir

26 fevral 2025-ci il tarixdə Şərur Rayon Mədəniyyət Sarayında Şərur Rayon İcra Hakimiyyəti və Rayon Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə Xocalı Soyqırımının 33-cü ildönümünə həsr olunmuş “26 Fevral - Xocalı Soyqırımı tariximizin qan yaddaşıdır!” adlı ümumrayon tədbiri təşkil edilmişdir. Əvvəlcə Rayon İcra Hakimiyyətinin başçısı cənab Kamal Cəfərov, ictimaiyyət nümayəndələri Sarayın foyesində yaradılmış “Ana harayı” pano-abidəsi önünə faciə qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq tər qərənfillər qoymuş, foyedə “Əzabla keçdiyimiz yolları qürurla qayıdırıq” adlı rəsm, kitab, qəzet və fotoşəkillərdən ibarət sərgiyə baxış olmuşdur.

Ümumilli lider Heydər Əliyevin, torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin, Xocalı faciəsi qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Sonra Rayon Veteranlar Şurasının sədri, Azərbaycan Jurnalistlər Birliyinin üzvü Vidadi Süleymanovun “Xocalı faciəsi tariximizin qan yaddaşıdır” adlı çıxışı dinlənilmişdir. Rayon İcra Hakimiyyətinin əməkdaşı Sürəyya Bəşirova “Xocalı faciəsi tarixi faktlarda” adlı geniş məzmunlu nitq söyləmişdir. Hər iki natiqin çıxışında vahid bir fikir xüsusi əhəmiyyət kəsb etmişdir: “Bir zamanlar ağlaya-ağlaya çıxdığımız, bugün isə zəfərlə qayıtdığımız məkanlar əzəli və əbədi Azərbaycan torpaqlarıdır!” Məlumat üçün bildiririk ki, 26 fevral 2025-ci il tarixdə rayon ərazisində dövlət inzibati binaların qarşısında ucaldılmış Azərbaycan Respublikasının dövlət bayraqları yarıya qədər endirilmiş, 17:00-da isə sükut dəqiqəsi elan edilmişdir.