Tədbiri giriş sözü ilə açan Şərur Rayon İcra Hakimiyyətinin başçısı Kamal Cəfərov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən aqrar sahəyə göstərilən diqqət və qayğıdan danışıb, belə bir sərginin Şərur şəhərində keçirilməsindən məmnunluğunu bildirib. Qeyd edib ki, yarmarkanın keçirilməsində əsas məqsəd toxum ticarət şəbəkəsinin yaradılması, rəqabət mühitinin formalaşdırılması, istehsalçı ilə istehlakçı arasında birbaşa münasibətlərin qurulması, toxumçuluqda yeni innovativ texnologiyaları tətbiq etməklə məhsuldarlığın artırılması, həmçinin, fermerlərə sertifikatlı toxumun əlçatanlığının təmin olunmasıdır.
Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı naziri Rafail Quliyev "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı"nda toxumçuluğun inkişafının qarşıya qoyulan əsas hədəflərdən biri olduğunu və bu istiqamətdə işlərin davam etdiyini diqqətə çatdırıb. Nazir muxtar respublikada aqrar sahədə əldə olunmuş nailiyyətlər, toxumçuluğun mövcud vəziyyəti barədə ətraflı məlumat verib.
Qeyd edək ki, toxum sərgi-satış yarmarkasında bu sahə ilə məşğul olan özəl toxumçular, toxum istehsalı və satışı ilə məşğul olan şirkətlər iştirak ediblər. Sərgidə əsasən dənli (arpa, buğda), həmçinin tərəvəz bitki sortları və toxumları nümayiş etdirilib.