
Tədbirdə Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Səfər Hüseynov, aparatın əməkdaşları, Rayon Polis İdarəsinin rəisi polkovnik Orxan Axundzadə, Polis Şöbəsinin əməkdaşları və veteranlar iştirak etmişlər. Tədbir iştirakçıları əvvəlcə Ulu öndər Heydər Əliyevin Şərur Rayon İcra Hakimiyyətinin qarşısında ucaldılmış abidəsini ziyarət etmiş, önünə gül dəstələri düzüblər. Daha sonra isə tədbir iştirakçıları Şəhidlər Xiyabanını ziyarət edərək xalqımızın azadlığı uğrunda şəhid olan qəhrəman Vətən övladlarının xatirəsini yad etmişlər.

Şərur Rayon Polis İdarəsində davam edən tədbirdə Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Səfər Hüseynov və Polis İdarəsinin rəisi Orxan Axundzadə tədbirdə çıxış edərək 2 iyul 1918-ci il tarixdə müstəqil Azərbaycan polisinin yaranmasını hüquqi cəhətdən özündə təsbit edən dövlət qanunvericilik aktının imzalanmasından, Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra daxili işlər orqanlarında intensiv surətdə həyata keçirilən tədbirlərdən,1998-ci ildən etibarən hər il 2 iyul tarixinin Polis Günü kimi qeyd edilməsindən, Heydər Əliyev ideyalarına ən çətin məqamlarda sadiq olan Azərbaycan polisinin bu gün Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında ağır, məsuliyyətli və həm də şərəfli vəzifələrin öhdəsindən bacarıqla gəlməsindən, dövlət başçısının onlara göstərdiyi qayğı və etimadı vicdanlı və layiqli xidmətləri ilə doğrultmalarından bəhs ediblər.
Tədbirin sonunda xidmətdə fərqlənən bir qrup polis əməkdaşı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini tərəfindən fəxri fərmanla təltif edilib.
