Şərur rayonunda Novruz bayramına həsr olunmuş ümumrayon tədbiri keçirilib

Şərur rayonunun mərkəzində keçirilən Novruz bayramına həsr olunmuş ümumrayon tədbirində Şərur Rayon İcra Hakimiyyətinin başçısı Kamal Cəfərov, hüquq-mühafizə orqanları, idarə, müəssisə və təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri, şəhid ailələri, qazilər, və rayon sakinləri iştirak ediblər. Əvvəlcə Şərur rayonunun məktəbdənkənar müəssisələrinin dərnəkləri tərəfindən hazırlanmış əl işləri və xalq sənətkarlığı nümunələrindən ibarət sərgiyə baxış keçirilib, gənc idmançıların nümunəvi çıxışları böyük maraqla qarşılanıb.


Tədbirdə xonçalar, səmənilərlə bəzədilib, iştirakçılar üçün iaşə-xidmətləri yaradılıb, xalqımızın qədim ənənələrini, dəyərlərini, mətbəxini əks etdirən görüntülər tədbirə xüsusi rəng qatıb. Bayram ab-havasında bəzədilmiş meydana daxil olan Dədə Qorqudun bayram tonqalını alovlandırması və xalqımızı qədim el bayramı münasibətilə ürəkdən təbrik etməsi Novruz şənliyinin ən maraqlı məqamlarından biri olub. Novruzun əsas personajları olan Kosa və Keçəl tədbirə toplaşanları şənləndirib, xüsusilə uşaqlarla rəqs edərək onlara xoş ovqat bəxş ediblər.
Tədbir Şərur Rayon Mədəniyyət İdarəsi tərəfindən hazırlanan şən və rəngarəng konsert proqramı ilə davam etdirilib.