Şərur rayonunda “Elektrik enerjisindən qənaətlə istifadənin təbliği” mövzusunda maarifləndirici tədbir keçirilib

Şərur Rayon İcra Hakimiyyətinin və Şərur rayon Elektrik Şəbəkəsinin birgə təşkilatçılığı ilə “Elektrik enerjisindən qənaətlə istifadənin təbliği” mövzusunda maarifləndirici tədbir keçirilib.

Keçirilən tədbirdə Şərur Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, İcra Hakimiyyətinin bu sahə üzrə məsul əməkdaşları, Şərur Rayon Elektrik Şəbəkəsinin  müdiri, Mənzil İstismar Sahəsinin müdiri, inzibati ərazi dairəsi üzrə nümayəndələr və Şərur şəhər sakinləri iştirak ediblər. Görüş zamanı çıxış edən Şərur Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Səfər Hüseynov elektrik enerjisinin insan həyatında mühüm rolunun olduğunu bildirərək, enerjiyə və kommunal ödənişlərə qənaət etməyin mümkünlüyündən danışmışdır. S.Hüseynov qeyd etmişdir ki, bu gün sürətlə inkişaf edən enerji sektorunda səmərəliyinin yüksəldilməsi istiqamətində atılan mühüm addımlardan biri də  elektrik enerjisindən qənaətlə istifadə etməkdir. 

Şərur rayon Elektrik Şəbəkəsinin direktoru Həbib Məmmədov  tədbirdə çıxış edərək bildirdi ki,  elektrik enerjisinə qənaət fərdlərin və ailələrin iqtisadi maraqlarına əhəmiyyətli dərəcədə təsir edir. Elektrik enerjisinə qənaət təkcə ev təsərrüfatlarının xərclərini azaltmaq deyil, həm də enerji israfını azaltmaq və enerji səmərəliliyini artırmaqdır. Hər bir ailə yüksək enerjiyə qənaət edən cihazlardan istifadə etməklə, elektrik enerjisindən istifadə vaxtlarını ağılla planlaşdırmaqla və elektrik enerjisinin israfını aradan qaldırmaqla real iqtisadi üstünlük əldə edə bilər. 

Tədbirdə məsələ barədə ətraflı müzakirələr aparılmış, sakinlərin verdikləri suallar cavablandırılmış  və bəzi məsələlərin həll olunması üçün qeydiyyat götürülmüşdür. Sonda Şərur Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Səfər Hüseynov sakinlərə əhali arasında bu məsələnin təbliğ edilməsi və hər kəsin təmiz dünya naminə enerjiyə qənaət etmələri barədə söhbətlər aparmaları tövsiyə olundu.

Keçirilən tədbir, itkilərin azaldılmasına yönəlməklə yanaşı, enerji və ekologiya sektorlarının fəaliyyətinə münbit təsir göstərən amildir.

Elektrik enerjisi itkilərinin azaldılması məqsədilə enerjiyə qənaətin təşviqi əsas vəzifələrdəndir. Bu yanaşma uzunmüddətli iqtisadi və ekoloji faydalar əldə etməyə imkan yaradır.