Şərur rayonunda 8 Mart-Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib

Tədbiri giriş sözü ilə açan Şərur Rayon İcra Hakimiyyətinin başçısı Kamal Cəfərov başda şəhid anaları olmaqla xanımları 8 Mart-Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edərək onlara ən xoş arzularını ifadə edib. Bildirib ki, Azərbaycan qadını respublikamızın ictimai-siyasi həyatında böyük rol oynayır. Qadınlarımız öz istedadı, zəkası, ağlı və iradəsi ilə milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması və yaşadılmasında müstəsna xidmətlər göstərirlər. Kamal Cəfərov müasir qadının real obrazını yaradan birinci vitse-prezident Mehriban xanım Əliyevanın respublikamızın inkişafındakı və əhalinin sosial problemlərinin həllindəki xidmətlərindən söhbət açıb.

Tədbirdə çıxış edən şəhid anaları Vətənin keşiyində cəsarətlə dayanıb, düşməni döyüş meydanında ağır məğlubiyyətə uğradan və adlarını tarixin şanlı səhifələrinə yazdıran igid oğullar yetişdirdiklərinə görə böyük qürur hissi keçirdiklərini diqqətə çatdıraraq, dövlətimiz tərəfindən onlara göstərilən xüsusi diqqətə və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlığını bildiriblər. Sonra rayonun ictimai-siyasi həyatında fərqlənən qadınların bir qrupuna “8 mart – Beynəlxalq Qadınlar Günü” münasibəti ilə gül dəstələri və bayram hədiyyələri təqdim olunub. Tədbir bədii hissə ilə davam etmişdir. Sonda Şərurlu qadınların əl işlərindən ibarət sərgiyə baxış keçirilib.