
15 sentyabr 2025-ci il tarixdə “Bilik Günü–Konstitusiya və Suverenlik dəyərlərinin təcəssümüdür” başlığı altında Şərur rayon Aşağı Daşarx kənd tam orta məktəbində də digər məktəblərdə olduğu kimi geniş tədbir təşkil edilmişdir. İlk öncə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, Azərbaycan Respublikasının dövlət himni səsləndirilmişdir. Məktəbin pedaqoji və şagird kollektivini yeni dərs ilinin başlanması münasibətilə təbrik edən Şərur Rayon İcra Hakimiyyətinin başçısı cənab Kamal Cəfərov dövlətimiz tərəfindən təhsilə göstərilən genişmiqyaslı qayğıdan bəhs edərək ümumtəhsil müəssisələrinin ötən tədris ilini uğurla başa vurduğunu, Aşağı Daşarx kənd tam orta məktəbinin yetirməsi Nuriyev Əbil Gündüz oğlunun qəbul imtahanlarında topladığı 656.9 ballıq nəticə ilə rayon birincisi olduğunu bildirmişdir. Natiq Azərbaycan dövlətinin yolunun haqq yolu olduğunu xatırladaraq vətənimizin çiçəklənməsi naminə təhsil işçilərinə həmişə olduğu kimi bundan sonrada əzmlə çalışmalarını tövsiyyə etmiş, şagirdlərə isə elmin sirlərinə yiyələnmələri istiqamətində uğurlar arzulamışdır.

Çıxış edənlər – Rayon Təhsil Şöbəsinin müdiri Əli Mehdiyev, şəhid atası Sülhəddin Yusifov, məktəbin direktoru Gültəkin Mustafayeva rayon təhsilinin və adıçəkilən kənd tam orta məktəbinin uğurlu nəticələrindən, məktəbin qəhrəman şəhid yetirmələrinin məktəb həyatından bəhs edərək kollektivi bilik günü münasibətilə təbrik etmişlər. Tədbirdə həmçinin gənc Heydərçilər vətənə, məktəbə, müəllimə həsr olunmuş şerlər qiraət etmişlər.
İlk zəngin sədaları altında sinifə daxil olan, bu il ilk dəfə məktəbə qədəm qoyan birincilərlə İcra Hakimiyyətinin başçısı hörmətli Kamal Cəfərov sinif otağında söhbət aparmışdır. Foyedə məktəbin qəhrəman yetirmələrinə həsr olunmuş xatirə lövhəsinin önündə şəhid ailələri ilə birlikdə rayon rəhbəri xatirə şəkli çəkdirərək dövlətimizin və xalqımızın şəhidləri hər zaman ehtiramla yad edəcəyini qeyd etmişdir.



Məlumat üçün bildiririk ki, Bilik Günü rayonun bütün ümumtəhsil məktəblərində qeyd edilmiş, ilk dərs saatı “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuşdur.