Şərur Rayon İcra Hakimiyyəti yanında İctimai Şura təsis olunub

Şərur Rayon İcra Hakimiyyətinin başçısı Kamal Cəfərov çıxış edərək İctimai Şuranın fəaliyyətinin əhəmiyyətini diqqətə çatdırmışdır. O, vurğulamışdır ki, vətəndaş cəmiyyəti institutlarının fəaliyyəti və dövlət orqanları ilə ictimaiyyət arasında səmərəli əməkdaşlıq münasibətlərinin qurulması Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Rayon rəhbəri qeyd etmişdir ki, İctimai Şura dövlət-vətəndaş münasibətlərinin möhkəmlənməsinə, şəffaflıq və ictimai nəzarətin təmin olunmasına mühüm töhfə verməlidir.



Şərur Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Səfər Hüseynov çıxış edərək bildirmişdir ki, yeni formalaşan Şura qarşıya qoyulan vəzifələrin icrasında daha fəal olmalı, ictimaiyyətin mövqeyini və təkliflərini vaxtında toplayaraq operativ şəkildə icra strukturlarına çatdırmalıdır. O qeyd etmişdir ki, Şuranın fəaliyyəti şəffaflıq, operativlik və məsuliyyət prinsiplərinə əsaslanmalı, dövlət orqanları ilə vətəndaşlar arasında qarşılıqlı etimadın güclənməsinə xidmət etməlidir. Birinci müavin həmçinin vurğulamışdır ki, İcra Hakimiyyəti ilə İctimai Şura arasında əməkdaşlıq daim inkişaf etdirilməli, bu əməkdaşlıq Şərur rayonunun sosial, iqtisadi və mədəni həyatında müsbət nəticələrə yol açmalıdır.
Daha sonra digər çıxışlar dinlənilmişdir.

Sonda Şərur Rayon İcra Hakimiyyətinin başçısı Kamal Cəfərov şuranın sədrini, şura sədrinin müavinini, şuranın katibini və bütün şura üzvlərini təbrik edərək fəaliyyətlərində uğurlar arzuladı.