Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” çərçivəsində Şərur rayonunun Təzəkənd avtomobil yolunda aparılan əsaslı təmir işləri ilə yaxından tanış olub. Avtomobil yolunun 1,9 kilometrlik hissəsinə birqat, 4,4 kilometrlik hissəsinə isə ikiqat asfalt örtüyü salınıb. Yağış və qrunt sularının kənarlaşdırılması üçün yol kənarlarına 700 m uzunluğunda beton su kanalı çəkilib, 38 metal boru su keçidi quraşdırılıb. Avtomobil yolu ilə tanışlıqdan sonra kənd sakinləri ilə səmimi görüş olub. Sakinlər uzun zamandır təmirə ehtiyac duyulan yollarda yaradılan müasir şəraitə görə dövlətimizə minnətdarlıq ediblər.
Eyni zamanda səlahiyyətli nümayəndə ötən il əsaslı təmirdən sonra istifadəyə verilən Təzəkənd tam orta məktəbində yaradılan şərait və tədrisin gedişi ilə maraqlanıb. Məlumat verilib ki, 110 yerlik məktəb binasında tədris imkanları müasir tələblərə cavab verir. Məktəbin kollektivi yaradılan tədris şəraitinə görə minnətdarlıqlarını bildiriblər.