
Azərbaycan Respublikasının Kənd Təsərrüfatı naziri Məcnun Məmmədov 15 avqust 2025-ci il tarixdə Şərur Rayon İcra Hakimiyyətinin inzibati binasında Naxçıvan şəhəri, Şərur, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək və Şahbuz rayonlarından olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib.
Qəbuldan öncə Şərur Rayon İcra Hakimiyyətinin başçısı Kamal Cəfərov və nazir Məcnun Məmmədov Ümummilli Lider Heydər Əliyevin rayon mərkəzində ucalan abidəsinin önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla yad ediblər.
Nazirliyin idarə və tabeli qurumlarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda vətəndaşların müraciəti əsasən əkin sahələrinin təsərrüfat suyu ilə təmin olunması, torpaq sahələrinin icarəyə verilməsi, işlə təminat, kənd təsərrüfatı texnikasının lizinq yolu ilə əldə olunması, damazlıq heyvanların lizinqi və digər məsələlərlə bağlı olub. Nazir Məcnun Məmmədov hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib. Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb. Nazir vətəndaşlarla görüş zamanı dövlət başçısının kənd təsərrüfatının inkişafı ilə bağlı imzaladığı sərəncamların kənd təsərrüfatı istehsalçılarının rifah halının yaxşılaşdırılmasına və ölkəmizdə bu sahənin inkişafına təkan verəcəyini vurğulayıb. Qəbula gələn vətəndaşlar göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Qəbuldan sonra Şərur rayonunun Arpaçay kəndində fermer Abdulla Adıgözəlovun istixana təsərrüfatına, Cəlilkənd kəndində fermer Yaqub Tağıyevin əkin sahələri və soyuducu anbarına baş çəkib. Təsərrüfatlarda keçirilən görüşlər zamanı fermerlərə aqrar sahəyə dövlət maliyyə dəstəyi mexanizmləri barədə məlumat verilib, görülən işlər ətrafında fikir mübadiləsi aparılıb.

